Misli Premyer Liqasında VII tur arxada qaldı. Sport24.az xəbər verir ki,  6 qarşılaşmada qapılara 12 qol vuruldu.

Turun əsas hadisələri "Neftçi" - "Sabah" oyununda qapılara yol tapılmaması, "Sumqayıt"ın "Qəbələ" üzərində böyükhesablı qələbəsi, "Qarabağ"ın səfər qalibiyyəti və "Zirə"nin evdə xal itirməsi oldu.

"Araz-Naxçıvan" – "Kəpəz" – 0:2

VII turun açılış qarşılaşmasında "Kəpəz" Şamaxıda "Araz-Naxçıvan"ı 2:0 hesabı ilə məğlub etdi. Gəncə təmsilçisi üçün bu qələbə həm nəticə, həm də turnir cədvəli baxımından olduqca dəyərlidir. "Kəpəz" son turlarda öz meydanında qazandığı nəticələrdən sonra səfərdə də üç xal götürməklə yüksəlişdə olduğunu göstərdi. "Araz-Naxçıvan" isə yenə istədiyi nəticəni əldə edə bilmədi. Komandanın əsas problemi artıq ayrı-ayrı oyunlardan daha çox, sabit nəticə qazana bilməməsidir. "Kəpəz" üçün bu qələbə mövsümün davamı baxımından yaxşı motivasiya ola bilər. Naxçıvan təmsilçisi tezliklə toparlanmasa, klubda böyük xaoslar yaranacaq.

"Neftçi" – "Sabah" – 0:0

Turun mərkəzi qarşılaşması heç şübhəsiz, "Neftçi" – "Sabah" matçı idi. Çempionatın iddialı komandalarının görüşündə qol səsi çıxmadı və tərəflər bir xalla kifayətləndilər. Belə oyunlarda hər iki komandanın uduzmamaq istəyi bəzən hücumdakı riskləri azaldır. Nəticədə tamaşaçılar baxımından gözləntilər daha böyük olsa da, turnir cədvəli baxımından heç-heçə hər iki tərəfin aktivinə bir xal yazdı. "Neftçi" üçün doğma meydanda, "Sabah" üçün isə səfərdə əldə olunan bir xalın dəyəri isə çempionatın sonrakı mərhələsində daha aydın görünə bilər. Səbirsizliklə gözlədiyimiz böyük oyun böyük hesabla yox, böyük gərginliklə yadda qaldı.


"Zirə" – "Şamaxı" – 1:1

"Zirə" doğma meydanda "Şamaxı"nı məğlub edə bilmədi və qarşılaşma 1:1 hesabı ilə başa çatdı. "Şamaxı" üçün səfərdən bir xalla qayıtmaq müsbət nəticə sayılır. Azər Bağırovun komandası mövsümün əvvəlindən etibarən xüsusilə rəqiblərindən çəkinmədən oynamaq və xal qazanmaq baxımından maraqlı görüntü verir. "Zirə" isə öz meydanında iki xal itirmiş oldu. Avropa zonası uğrunda mübarizə aparmaq istəyən komanda üçün belə oyunlarda maksimum nəticə əldə etmək vacibdir. Bu səbəbdən heç-heçə "Zirə"nin hesabına yazılan bir xal olsa da, itirilmiş iki xal kimi də qiymətləndirilə bilər.


"Sumqayıt" – "Qəbələ" – 4:1

Turun ən məhsuldar oyunu Sumqayıtda keçirildi. Meydan sahibləri "Qəbələ"ni 4:1 hesabı ilə məğlub edərək həm üç xal qazandılar, həm də hücum potensiallarını nümayiş etdirdilər. "Sumqayıt" üçün bu cür qələbə xüsusilə vacibdir, çünki komandaya turnir cədvəlində öz mövqeyini yaxşılaşdırmaq üçün əlavə inam verə bilər. "Qəbələ" isə müdafiədəki problemlərin hesabına ağır məğlubiyyətlə üzləşdi. Bir oyunda dörd qol buraxmaq komandanın qarşıdakı turlarda üzərində işləməli olduğu məqamları da ortaya çıxarır. Əyalət təmsilçisinin heyətində yaxşı futboçular olsa da, hələ də istədikləri oyunu sərgiləməkdə çətinlik çəkirlər. Yeni baş məşqçi Yeton Bekiri tezliklə komandanı toparlamalı və öz oyun fəlsəfəsinə uyğunlaşdırmalıdır.

"İmişli" – "Qarabağ" – 0:2

"Qarabağ" səfərdə "İmişli"ni 2:0 hesabı ilə məğlub edərək növbəti üç xalını qazandı. Ağdam təmsilçisi bu görüşdə nəzarətdə saxlayaraq favorit statusunu doğrultdu. "İmişli" üçün isə belə rəqibə qarşı əsas məsələ oyunu mümkün qədər uzun müddət balansda saxlamaq idi. "Qarabağ"ın təcrübəsi və fərdi keyfiyyəti matçın taleyində öz sözünü dedi. Ağdam təmsilçisi üçün bu qələbənin başqa bir üstünlüyü də odur ki, komanda çempionat marafonunda xal itirmədən irəliləmək tempini qoruyur. Qarşıdakı turlarda əsas məsələ bu sabitliyi davam etdirmək olacaq.

"Şəfa" – "Turan Tovuz" – 0:1

"Şəfa" – "Turan Tovuz" qarşılaşması da minimal hesabla başa çatdı. Tovuz təmsilçisi səfərdə 1:0 hesablı qələbə qazandı. "Turan Tovuz" çətin qələbələrdən birini qazandı. Komanda mövsümün əvvəlində qarşısına yüksək hədəflər qoyub və belə səfər oyunlarında xal itirməməlidir. "Şəfa" isə minimal hesablı məğlubiyyətlə kifayətləndi. Meydan sahiblərinin əsas hədəfi Premyer Liqada möhkəmlənməkdirsə, məhz bu tip qarşılaşmalarda xal qazanmağın yollarını tapmaq vacibdir. "Turan"ın qələbəsi isə turnir cədvəlində yuxarı sıralara doğru hərəkət baxımından qiymətli addım olsa da, hücumda kəsərlilik artmalıdır.

VII turun yekunu

VII turun nəticələri göstərdi ki, çempionatın üst sıralarında mübarizə getdikcə daha maraqlı xarakter alır. "Neftçi" və "Sabah"ın xalsız heç-heçəsi, "Zirə"nin "Şamaxı" ilə xal bölgüsü liderlik və Avropa zonası uğrunda yarışda əlavə hesablamalara səbəb oldu. "Qarabağ" və "Turan Tovuz" səfərdən üç xalla qayıtdı, "Sumqayıt" isə turun ən böyük hesablı qələbəsini qazandı.

12 qolun vurulduğu VII turda əsas mənzərə budur: yuxarıda hər xalın, aşağıda isə hər qələbənin çəkisi getdikcə artır.