“Çelsi”nin baş məşqçisi Tomas Tuxel UEFA Çempionlar Liqasında yeni uğura imza atıb. Sport24.az xəbər verir ki, 47 yaşlı alman mütəxəssis fərqli komandalarla ÇL-də ardıcıl iki dəfə finala yüksələn ilk baş məşqçiyə çevrilib.

Onun çalışdırdığı “Çelsi” ötən gün yarımfinal mərhələsi çərçivəsində qarşılaşdığı İspaniya “Real”ına 2:0 hesabıyla qalib gəlib. İngiltərə təmsilçisi səfərdə 1:1 hesablı heç-heçəyə nail olduğundan, həlledici oyunda iştirak hüququ qazanıb.

Tomas Tuxel ötən mövsüm də Fransanın PSJ klubunu ÇL-in finalına çıxarmışdı. Onun rəhbərlik etdiyi komanda həlledici matçda Almaniyanın “Bavariya” komandasına 0:1 hesabı ilə uduzub.

“Real”la oyun “Çelsi”nin futbolçusu Meyson Maunt üçün də əlamətdar olub. O, 10 ildən sonra “Mançester Yunayted”in sabiq futbolçusu Ueyn Runinin nailiyyətini təkrarlayıb. 22 yaşlı hücumçu 2011-ci ildən sonra Çempionlar Liqasının yarımfinal mərhələsində qol vuran ilk ingiltərəli oyunçu olub. Son olaraq 2011-ci ildə Runi “Mançester Yunayted”in heyətində Almaniyanın "Şalke" klubuna yarımfinal oyununda qol vurmuşdu.

Qeyd edək ki, “Çelsi” bu mövsüm ÇL-in finalında İngiltərənin digər klubu “Mançester Siti” ilə qarşılaşacaq. Həlledici görüş mayın 29-da Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda baş tutacaq.