İnsayder Fabrisio Romano "Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrikin gələcəyi ilə bağlı danışıb. Sport24.az xəbər verir ki, tanınmış insayder bu barədə podkastında söz açıb:

 

"Deyə bilərəm ki, həftəbəhəftə Kerrik barədə fikirlər müsbət yöndə dəyişir. Bu o demək deyil ki, "Mançester Yunayted"in gələcəyi və daimi baş məşqçisi ilə bağlı konkret qərar verilib. Hələ çox vaxt var, hər hansı bir yekun nəticə çıxarmaq üçün hələ tezdir.

Lakin hazırda "Mançester Yunayted"in paltardəyişmə otağında atmosfer əladır. Oyunçular Maykl Kerrikdən çox məmnundurlar. Rəhbərlik Kerrikin daimi baş məşqçi olmaq üçün şansının qaldığını düşünür". 

 

Onun sözlərinə görə, klubun ilkin planı Kerrikə digər namizədləri nəzərdən keçirərkən özünü sübut etmək imkanı vermək idi. Lakin o, məhsuldar işi və qələbələri sayəsində klub daxilində mövqeyini möhkəmləndirir.

 

Jurnalist əlavə edib ki, indi hər şey Kerrikin özündən asılıdır:

 

"Təkrar edirəm, hələ heç bir qərar verilməyib - bu, sadəcə klub daxilində hər həftə güclənən bir fikirdir. Amma indi Kerrikin şansı var. Görək, işlər necə inkişaf edəcək".

 

Qeyd edək ki, "Mançester Yunayted" Kerrikin rəhbərliyi altında son yeddi oyundan altısında qalib gəlib.