Futbol üzrə Türkiyə Super Liqasının növbəti mövsümünə vəsiqə qazanan iki komandanın adına aydınlıq gəlib. Sport24.az xəbər verir ki, ötən gün TFF 1-ci liqada 2020/21 mövsümünə yekun vurulub.

Sonuncu – 34-cü turun görüşlərindən sonra “Adana Dəmirspor” və “Girəsunspor” bir və ikinci yerləri tutmaqla Super Liqaya vəsiqə qazanıb. Maraqlıdır ki, bu iki komanda ilə yanaşı, “Samsunspor”un da hesabında 70 xal var. Lakin bu komandaların öz aralarındakı oyunlarda “Adana Dəmirspor” daha üstün olduğu üçün çempion olub. “Girəsunspor” isə ikinci yeri tutub.

“Adana Dəmirspor” klubu 26 illik fasilədən sonra Super Liqaya yüksəlib. Sözügedən komanda daha öncə 1972/73, 1986/87, 1990/91 və 1993/94 mövsümlərində elitaya vəsiqə qazanmağı bacarmışdı. Bu komandanın baş məşqçisi Samet Aybaba isə üçüncü dəfə Super Liqaya klub çıxarır. O, 1996/97 mövsümündə “Kayserispor”u, 2016/17 mövsümündə isə “Sivasspor”u elitaya çıxarmışdı.

“Girəsunspor” isə 1970/71 mövsümündən etibarən vəsiqə qazandığı Super Liqada 6 mövsüm keçirəndən sonra 1976/77 mövsümündə TFF 1-ci liqaya düşmüşdü.

Super Liqaya yüksələcək üçüncü və sonuncu komandanın adına pley-off oyunlarından sonra aydınlıq gələcək. Sonuncu vəsiqə uğrunda 70 xalla üçüncü olan “Samsunspor”, eləcə də “İstanbulspor” (64), “Altay” (63) və “Altınordu” (60) klubları mübarizə aparacaq.

18 kollektiv arasında sonuncu üç pillədə qərarlaşan “Akhisarspor”, “Ankaraspor” və “Əskişəhərspor” isə TFF 1-ci liqa ilə vidalaşıb.