Ötən həftə iki oyunun nəticəsinə görə, "Zirə"ni Avropa Liqasından uzaqlaşdıran "Şerif"in qolkiperi Dumitru Seleadniç Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb. "Çərçivə qoruyucusu"


- Əlavə vaxtın bitməsinə 2 dəqiqə qalmış meydana çıxdın. Oyunla bağlı fikirlərin maraqlıdı...
- Cəmi 2 dəqiqə meydanda oldum. Buna baxmayaraq, həm start heyətində meydana çıxanlar, istərsə də ehtiyat oyunçular skamyasında əyləşənlər qələbəyə ac idilər. Əlbəttə penalti seriyası "lotoreya"dı. Şükürlər olsun ki, istəyimizə çatdıq və mərhələ keçdik.

 

- İlk oyunla cavab qarşılaşması arasında fərqi deyə bilərsən?
- İki fərqli matç oldu. İlk qarşıdurmada istədiyimiz meydanda göstərə bilmədik.
Oyunumuz alınmadı və rəqib özünə lazım olan qolu vurub səfər qələbəsi qazandı. Bakıdakı oyunda da ilk hissə rəqibin diqtəsiylə keçdi. Amma biz təslim olmadıq. Cavab matçında daha kreativ idik və çoxsaylı qol imkanları yarada bildik. Nəticədə fasilədən sonra iki vacib qol vurub intriqanın ölməsinə imkan vermədik. Əlbəttə könül istərdi ki, oyunun taleyini əlavə vaxtda həll edək. Amma rəqib biz 3-cü qolu vurmağımıza imkan vermədi.


- Sizə elə gəlmir ki, "Zirə" azlıqda qalmasaydı Bakını qəmgin notlarla tərk edəcəkdiz?
- Bu barədə nəsə deməyim düz çıxmaz. Bunu Allah bilir. Hər halda meydan sahibləri də zəif komanda deyildi. Onlara bundan sonrakı oyunlarında uğurlar arzu edirəm.


- Qarşıda sizi "Zirə"dən də çətin "Elfsborq"la ağır sınaq gözləyir. Nəyə ümid edirsiz?
- Təbii ki, məsuliyyətimizi anlayırıq. İsveç təmsilçisi güclü rəqibdi. Amma biz pessimizmə qapılmırıq. Daha da yaxşı hazırlaşıb uğur qazanmağa köklənəcəyik.


- Hər iki görüşdə göründü ki, "Şerif" əvvəlki illər müqayisədə heç də yaxşı günlərini yaşamır...
- Heyətimiz yenidən qurulsa da, hamımız yaxşı əhval-ruhiyədəyik və məşqlərdə var gücümüzlə çalışırıq. Zəhmət çəkib və inanmaq lazımdı. İnanıram ki, Allahın köməyiylə addım-addım daha yaxşı çıxış edəcəyik.


- Səhv etmirəmsə, Bakıya ikinci dəfə gəldin. Təəssüratını bilmək istərdik...
- Doğru vurğuladız. Əvvələr də paytaztınızda olmuşam. Belə ki, 2020-ci ildə "Qarabağ"a qarşı da oynamışam. Bakı gözəl şəhərdi və insanları çox mehribandı. Paytaxtınıza gəlmək həmişə xoşdu.

ABDULLA İSMAYILOĞLU