Futbol üzrə İngiltərə Premyer Liqasının 9-cu turuna “Mançester Yunayted” – “Liverpul” matçı damğa vurdu. Sport24.az xəbər verir ki, “qırmızı şeytanlar” prinsipial rəqiblərindən birinə doğma meydanda 0:5 hesabıyla uduzdu.

Bu tarixi nəticə özü ilə yanaşı yeni rekordlar da gətirdi. Belə ki, “Mançester Yunayted” Premyer Liqada ilk dəfə birinci hissədə qapısında 4 qol görüb. 

Bu oyunda üç qola imza atan “Liverpul”un misirli hücumçusu Məhəmməd Salah “qırmızı şeytanlar”a qarşı səfər oyununda het-trik edən ilk futbolçu kimi tarixə düşdü.

“Mançester Yunayted” 1925-ci ildən bəri ilk dəfə “Liverpul”a öz meydanında belə böyük hesabla uduzdu. “Qırmızı şeytanlar” həmin vaxt da məhz 0:5 hesabıyla məğlub olmuşdu. Bu komanda 1955-ci ildən bəri ilk dəfə öz meydanında qol vurmadan 5 qola üzülüb. Həmin vaxt “Mançester Siti” əzəli rəqibini səfərdə 5:0 hesabıyla üstələmişdi. 

Bu oyundakı het-triki sayəsində “Liverpul”un heyətində vurduğu qolların sayını 106-ya çatdıran Məhəmməd Salah daha bir ilkə imza atıb. O, Didye Droqbanı geridə qoyaraq “Liverpul” tarixinin Premyer Liqada ən çox qol vuran afrikalı futbolçusu olub.

“Liverpul”u 330-cu matça çıxaran Yurgen Klopp da ilkə imza atıb. O, bu komandaya 200-cü dəfə qələbə qazandırıb. Almaniyalı mütəxəssis 200 qələbə sayına ən tez çatan “Liverpul”lu məşqçi olub.