Qazaxıstan millisi iyunda Azərbaycan və Slovakiya yığmalarına qarşı UEFA Millətlər Liqasının qrup oyunlarına daha bir itki ilə çıxacaq.

Sport24.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, “Akjayık” klubunda çıxış edən hücumçu Oralxan Omirtayev zədələnib.

24 yaşlı hücumçu “Taraz”a 0:2 hesabı ilə uduzduqları Qazaxıstan çempionatının 11-ci tur matçında zədə alıb. Hücumçunun yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmır. Lakin zədəsinin ciddi olduğu və yığmanın iyundakı görüşlərini buraxacağı bildirilib.

Daha əvvəl komandanın 10-dan çox üzvünün UEFA Millətlər Liqasındakı ilk iki tur matçlarını buraxacağı deyilmişdi. Qazaxıstan millisi iyunun 3-də Azərbaycanı qəbul edəcək, bundan 3 gün sonra isə Slovakiyanın qonağı olacaq. Azərbaycan yığması iyunun 6-da Serbiyada Belarusla, 3 gün sonra Bakıda Slovakiya ilə üz-üzə gələcək.