Qətərdəki dünya çempionatı çərçivəsində baş tutan Danimarka yığması ilə oyun Fransa millisinin hücumçusu Kilian Mbappe üçün əlamətdar olub.

Sport24.az xəbər verir ki, 23 yaşlı futbolçu bu oyunda dubla imza atıb.

61 və 86-cı dəqiqələrdə rəqib qapısına yol tapan Mbappe, komandasına vacib qələbə qazandırıb – 2:1. Fransızlar bu qələbə sayəsində bu mundialda 1/8 finala ilk vəsiqənin sahibi olublar.

Kilian bu dublu sayəsində dünya çempionatlarındakı qollarının sayını 7-ə çatdırıb. Nəticədə o, Fransa yığmasının mundiallarda ən çox qol vurmuş futbolçularının siyahısında ikinci pilləyə yüksəlib. Bu oyuna qədər Mişel Platini və Zinəddin Zidanla eyni sayda (5) qola imza atmış 23 yaşlı hücumçu həm onları, həm də Tyerri Anrini (6) geridə qoyub.

Hazırda mundiallarda fərqlənmək baxımından Mbappe sadəcə Jus Fontedən geri qalır. Əfsanəvi hücumçunun aktivində 13 qol var.

Xatırladaq ki, Mbappe DÇ-2022-dəki ilk oyununda Avstraliyaya da qol vurmuşdu. O, DÇ-2018-də isə 4 dəfə rəqib qapılarına yol tapmışdı. O, millidə ümumilikdə 31 qola imza atıb.