"Nike" sentyabrın 24-də Londonda keçirilməsi planlaşdırılan və "Real"ın keçmiş hücumçusu Kərim Benzemanın iştirakı nəzərdə tutulan reklam çəkilişini ləğv edib. Sport24.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, şirkət futbolçunun keçmişi ilə bağlı bəzi məlum faktların brendin dəyərlərinə uyğun gəlmədiyi qənaətinə gəlib.
Benzema karyerasına "Nike" butsaları ilə başlasa da, 2007-ci ildə "Adidas"-a keçmiş və müqaviləsi bitənə qədər Almaniya brendi ilə əməkdaşlığı davam etdirmişdi. Daha sonra onun komandası futbolçu, şirkət və Londonda fəaliyyət göstərən küçə geyimi brendi "Corteiz" arasında mümkün əməkdaşlıqla bağlı "Nike" ilə danışıqlara başlamışdı.
"Nike", Benzemanı 75 min avro dəyərində məhsullarla təmin etməyə və çəkiliş üçün onun Londona səfərini təşkil etməyə razılaşmışdı. Danışıqlar Londonun "Actually Creative Limited" kreativ agentliyi tərəfindən əlaqələndirilirdi.
Çərşənbə günü "Nike" Benzemanın komandasına bütün əməkdaşlığın ləğv edildiyini bildirib və futbolçunun artıq Londona getməsinə ehtiyac olmadığını qeyd edib. Benzemanın nümayəndəsi təsdiqləyib ki, layihədə iştirak təklifi ilə futbolçuya müraciət edən məhz "Nike" olub.
2021-ci ildə Benzema, Matye Valbuenanın intim videosu ilə bağlı şantaj cəhdində iştirakına görə bir illik şərti həbs cəzasına və 75 min avro məbləğində cəriməyə məhkum edilmişdi.
Qeyd edək ki, fransalı futbolçu avqustun sonunda "Əl-Hilal" ilə müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edib. O, Səudiyyə klubunun heyətində keçirdiyi 16 oyunda 10 qol vurub və 5 məhsuldar ötürmə edib.etmişdi.