“Roma”nın baş məşqçisi Joze Mourinyo Avropa Konfrans Liqasının bu gün “Feyenoord”la keçiriləcək final matçından əvvəl fikirlərini bildirib.

Sport24.az xəbər verir ki, portuqaliyalı mütəxəssis tarix yazmaq istədiklərini deyib:

“Yolun son mərhələsindəyik. Bu, mövsümün sonudur. Həftəsonu bir final oynadıq və Avropa Liqasının növbəti mövsümündə yerimizi təmin etdik. Konfrans Liqasının finalına yüksələrək tarixə düşdük. Amma indi yeni tarix yazmalı və kuboku qazanmalıyıq. Oyunçularımız matça fokuslanıb. Onların düzgün köklənməsi var”.

Mourinyo, hazırda yalnız final barədə düşündüyünü deyib:

“Bu, finaldır. Oyun günü ağlımda başqa şey olmur. Bu, mənim üçün sanki ilk finaldır. Bu planda heç nə dəyişməyib. Qalib gəlsək, hər üç avrokuboku qazanan ilk məşqçi olacam. Amma yalnız qalib gəlsək, belə olacaq. Final oyunu necə qurtarır-qurtarsın, mövsüm mənim üçün pozitiv oldu”.

Konfrans Liqasının “Roma” – “Feyenoord” matçına bu gün Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.