"Latsio"nun baş məşqçisi Maurisio Sarri İtaliya A Seriyasındakı oyun təqvimi və "İnter"ə məğlubiyyətdən sonra yaranan vəziyyətlə bağlı sərt açıqlamalar verib. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis xüsusilə "Roma" – "Latsio" derbisinin keçirilmə saatı ilə bağlı narazılığını ifadə edib.

 

Sarri derbinin günorta saatlarında keçirilmə ehtimalına kəskin etiraz edib:

 

"Derbinin nə vaxt keçiriləcəyi hələ dəqiq deyil, amma hiss edirəm ki, matç bazar günü günorta saat 12:30-da olacaq. Əgər belə olarsa, mən həmin oyunda iştirak etməyəcəyəm. Bu qarışıqlıq liqanın yol verdiyi ciddi səhvlərdən qaynaqlanır. Mən klub prezidenti olsaydım, komandanı oyuna belə çıxarmazdım".

 

İtaliyalı çalışdırıcı rəhbərliyin susqunluğunu da tənqid atəşinə tutub:

 

"Aşkar səhvlər edilib, amma heç kim çıxıb üzr istəmir. Sanki hər şey normaldır. Halbuki söhbət milyonlarla avro dəyəri olan qarşılaşmalardan gedir".

 

​Sarri həmçinin "İnter"lə oyunu da dəyərləndirib. O, komandasının ilk hissədə rəqibin təzyiqini azaltmağa çalışdığını, lakin fərdi səhvlərin planlarını pozduğunu deyib:

 

"İlk yarıda qolları demək olar ki, özümüz rəqibə hədiyyə etdik. Bundan sonra oyun bizim üçün xeyli çətinləşdi. Rəqibin texniki baxımdan daha güclü olduğunu bilirdik. Onlar qələbəyə layiq idilər".