Portuqaliya millisinin kapitanı Kristiano Ronaldo 41 yaşında olmasına baxmayaraq, forması ilə bağlı tənqidlərə sərt reaksiya verib. Sport24.az xəbər verir ki, təcrübəli hücumçu ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatından əvvəl fiziki durumuna şübhə edənlərə "Matçları izləmədinizmi?" sözləri ilə cavab verib.
Hazırkı vəziyyətinin ideal olduğunu vurğulayan təcrübəli hücumçu özünəgüvənən addımlarla diqqət çəkib:
"Fiziki olaraq əla vəziyyətdəyəm. Məni tənqid edənlər matçları izləmirlərmi?"
Portuqaliya yığmasının düşərgəsində aparılan son tibbi testlər isə diqqət çəkib. Məlumata görə, Ronaldo 23 il əvvəl milli komandadakı ilk illəri ilə müqayisə oluna biləcək göstəricilər nümayiş etdirib. Hətta komandanın tibbi heyətindən biri bu nəticələrə heyran qalaraq, "Bu, əsl idmançıdır" ifadəsini işlədib.
Ulduz futbolçu uzun karyerasının sirrini ciddi nizam-intizamda görür: xüsusi qidalanma proqramı, dəqiq planlaşdırılmış məşqlər və bərpa prosesi onun gündəlik rejiminin əsas hissəsidir.
Portuqaliya millisi bu turnirə tarixində ilk dəfə dünya çempionu olmaq hədəfi ilə yollanır. Karyerasının son dünya çempionatını keçirməyə hazırlaşan Ronaldo turnirin çətinliyini etiraf etsə də, iddialı danışıb:
"Çempion olub-olmayacağımızı indidən deyə bilmərik, bunu yalnız turnirin sonunda görəcəyik. Amma bizim üçün əsas olan yarışa yaxşı başlamaqdır".
Qeyd edək ki, Portuqaliya yığması DÇ-2026-nın qrup mərhələsində Kongo, Özbəkistan və Kolumbiya komandaları ilə mübarizə aparacaq.