"Napoli"nin baş məşqçisi Antonio Konte "Bolonya" ilə oyundan sonra sərt açıqlamalarla çıxış edib. Təcrübəli mütəxəssis
komandasının oyunun başlanğıcındakı zəif performansından və aqressivlik çatışmazlığından narazılığını bildirib.

 

Sport24.az xəbər verir ki, "DAZN"a danışan mütəxəssis bəzi epizodların oyunun taleyini həll etdiyini vurğulayıb.

 

Komandasının ümumi oyunundan tam məyus olmadığını deyən Konte, psixoloji məqamlara diqqət çəkib:

 

"Performansdan tam məyus deyiləm, amma bəzən şeytan oyuna qarışır və bu dəfə də belə oldu. Pressinq edəndə daha aqressiv olmalıyıq. Yarımçıq oynasaq, yalnız enerji və vaxt itiririk. Bu mövsüm 2:0 geriyə düşdüyümüz ilk oyun deyil və bu təsadüf ola bilməz".

 

Baş məşqçi tənqid hədəfində olan gənc hücumçu Rasmus Heylunnun müdafiəsinə qalxıb:

 

"Komandadakı yeganə mərkəz hücumçudur və daim oynayır. Rotasiya imkanımız az olub. O, hələ 23 yaşındadır və böyük potensiala malikdir. Onun haqqında mənfi danışmaq düzgün olmaz".

 

Gənc istedad Alisson Santosdan da bəhs edən Konte, futbolçunun inkişafından razılığını ifadə edib:

 

"O, getdikcə daha çox inkişaf edir. Zəhməti sayəsində səviyyəsini artırır. Rəqiblər səni tanıdıqca oyun daha da çətinləşir, amma Alissonun gələcəyi parlaqdır".