Kolumbiya millisinin keçmiş qapıçısı, hazırda Kolumbiyanın "Atletiko Nasional" klubunda qapıçılar üzrə məşqçi işləyən Rene Hiquita Ceyms Rodrigesə yeni iş yerinin seçimi ilə bağlı məsləhət verib. O, bu barədə "Marca" nəşrinə danışıb:
"Atletiko Nasional"da çalışdığım üçün Ceymsi komandamda görmək istərdim. Baş məşqçi olsaydım, onu dəvət edərdim. Meksikada bütün mövsüm boyu azarkeşlər onun oyununu heyranlıqla izləyirdilər. Kolumbiyada Rodriges haqqında danışmaq, Argentinada Lionel Messi və ya Dieqo Maradona barədə danışmaq kimidir. Onlar fərqli oyunçulardır və onların bacarığı futbola rəng, parlaqlıq və gözəllik gətirir".
Qeyd edək ki, bir müddət əvvəl Kolumbiya yığmasının heyətində dünya çempionatına yollanmaq istəyən Rodrigesin Meksikanın "Leon" klubundan ayrılmaq, daha iddialı kluba keçmək istədiyi ilə bağlı xəbərlər yayılıb.