Xabi Alonso "Real"dakı mövqeyini getdikcə itirir və komandadakı bəzi oyunçuların ondan narazı qalması ilə bağlı şayiələr yayılır. Sport24.az xəbər verir ki, bu barədə "indykaila New" məlumat yayıb.
Mənbənin sözlərinə görə, klub ona müraciət edərsə, Alonso "Liverpul"un baş məşqçisi olmağa hazırdır. İngiltərə klubunun baş direktoru Maykl Edvards uzun müddətdir ki, Alonsonun işini yüksək qiymətləndirir və onu Yurgen Kloppun yerinə əsas namizədlərdən biri hesab edirdi. Lakin Alonso "Real"ı seçdi və "Enfild"ə qayıtmaqdan imtina etdi.
"Qırmızılar"ın baş məşqçisi Arne Slotun komandanın zəif nəticələrini düzəltmək üçün yanvara qədər vaxtı var. Vəziyyət belə davam edərsə, Alonsonun Premyer Liqada, bu dəfə isə baş məşqçi kimi çıxış etməsi mümkündür.
Həmçinin bildirilir ki, Alonso getsə, "Real" rəhbərliyi komandanın "sükanını" müvəqqəti olaraq Zinəddin Zidana tapşıra bilər.
Qeyd edək ki, dünən dünyanın ən nüfuzlu mənbələrindən biri olan "The Athletic" Vinisiusun Alonso ilə münaqişə səbəbindən "Real" ilə müqaviləsini yeniləməkdən imtina etdiyini bildirib. Daha əvvəl İspaniya mediası məşqçi ilə "Real"ın oyunçuları arasında münasibətlərin arzuolunan səviyyədə olmadığını, futbolçuların Xabinin bəzi taktiki qərarlarını rədd etdiyini bildirmişdi.
"Kral klubu" son üç matçda qələbə üzünə həsrət qalıb.