Dünya Çempionatının startı ərəfəsində turnirin ev sahiblərindən olan ABŞ və İran arasında ciddi diplomatik və idman gərginliyi yaşanır. Sport24.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-ı turniri siyasiləşdirməkdə ittiham edib.
Bəqayi sözlərinə görə, ABŞ hökumətinin mövqeyi səbəbindən 2026-cı il dünya çempionatı "tarixin ən siyasiləşdirilmiş idman tədbirlərindən birinə" çevrilib. O, Vaşinqtonu İran xalqına qarşı düşmən münasibət göstərməkdə və İran millisinin turnirdə iştirakına maneələr yaratmaqda günahlandırıb.
Məsələnin ən ciddi tərəfi isə viza problemidir. İran rəsmisi Ağ Evin FİFA qaydalarını kobud şəkildə pozduğunu və komandanın bəzi üzvlərinə viza vermədiyini bəyan edib. Gələn xəbərlərə görə, İran millisinin 15 futbolçusu, həmçinin məşqçi və inzibati heyətin bir neçə nümayəndəsi hələ də ABŞ-a giriş icazəsi ala bilməyib.
Buna görə də İran millisi dünya çempionatı müddətində qərargahını ABŞ sərhədinə yaxın yerləşən Tixuana şəhərində qurub. Komanda artıq Meksikaya çatıb və hazırlıqlarını burada davam etdirir.
Xatlrladaq ki, İran millisi qrup mərhələsindəki hər üç oyununu ABŞ-da keçirəcək. Komanda ilk matçında iyunun 15-də Los-Ancelesdə Yeni Zelandiya ilə üz-üzə gələcək. İran yığması ikinci oyununu iyunun 21-də Belçikaya qarşı keçirəcək. Komanda qrup mərhələsindəki son görüşündə isə iyunun 27-də Sietldə Misirlə qarşılaşacaq.
Qeyd edək ki, İran tərəfi göstərilən dəstəyə görə Meksika hökumətinə təşəkkür edib.