Argentina və "İnter Mayami"nin hücumçusu Lionel Messi özünə qoyulan abidənin açılışını etmək üçün Hindistanın Kəlkütt şəhərinə gələcək. Sport24.az xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb.
Cənubi Dum-Dumda yerləşən "Şri Bxumi" İdman Klubunun yaxınlığında yerləşən abidənin hündürlüyü 20 metrdir. Bu, 38 yaşlı oyunçu üçün dünyada ucaldılan ən hündür heykəlidir.
Qərbi Benqalın idman naziri və "Şri Bxumi" İdman Klubunun prezidenti Sudjit Bose mətbuata açıqlamasında heykəlin insanların istəyi ilə ucaltdıqlarını bildirib: "Biz bu heykəli 40 günə tikdik. Monti Pol onu hazırladı. İnsanlar dedilər ki, 'Bizdə Maradonanın heykəli var, bəs niyə Messinin heykəli olmasın?"
Qeyd edək ki, abidənin açılış mərasimi dekabrın 13-də keçiriləcək. Messi ilə yanaşı onun "İnter Mayami"dəki komanda yoldaşları Luis Suarez və Rodriqo De Pol da Hindistana səfər edəcək. Futbolçular həmçinin Haydarabad, Mumbay və Dehli şəhərlərinə də baş çəkəcəklər.