Fransa yaxın gələcəkdə bir sıra nüfuzlu futbol turnirlərinə ev sahibliyi etməyə namizəd ola bilər. Sport24.az xəbər verir ki, "Territoire d'Événements Sportifs" (TES) Assosiasiyası ölkənin İdman Nazirliyinə bununla bağlı rəsmi müraciət etməyi tövsiyə edib.

Hesabatda Fransanın 2033-cü il qadınlar arasında Avropa çempionatı, 2036-cı il kişilər arasında Avropa çempionatı və 2038-ci il dünya çempionatına ev sahibliyi üçün namizədliyini irəli sürməsi məsləhət görülüb. Bundan əlavə, Klublararası Dünya Çempionatının formatı uğurlu olacağı və daimi turnirə çevriləcəyi təqdirdə, 2033 və ya 2037-ci ildə yarışın Fransada təşkili də mümkün variant kimi göstərilib.

TES hesab edir ki, böyük idman tədbirlərinin keçirilməsi stadionların yüksək səviyyədə saxlanılmasına və idman infrastrukturunun modernləşdirilməsinə kömək edəcək. Assosiasiyanın fikrincə, DÇ-2038 ölkənin ən böyük arenalarının inkişafına təkan verəcək, qadınlar arasında AVRO-2033 isə orta tutumlu stadionların yenilənməsinə şərait yaradacaq.

Fransanın bu cür turnirləri təkbaşına təşkil etmək imkanına malik olduğu vurğulansa da, Almaniya ilə birgə namizədliyin uğur şansını artıracağı qeyd olunub.

Bununla yanaşı, TES stadionlarda alkoqollu içkilərin satışı və yayılmasına tətbiq olunan ümumi qadağanın ləğv edilməsini və ya yumşaldılmasını da tövsiyə edib. Assosiasiya bu məsələnin geniş müzakirələrə səbəb olacağını bildirsə də, mövcud tam qadağanı qeyri-effektiv və ədalətsiz hesab edir.

Qeyd edək ki, 2030-cu il dünya çempionatı İspaniya, Portuqaliya və Mərakeşdə, 2034-cü il mundialı isə Səudiyyə Ərəbistanında keçiriləcək.