Futbol üzrə Türkiyə 1-ci liqasında 2021/22 mövsümünə yekun vurulub.

Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası “Bursaspor” da sonuncu matçına çıxıb.

Sözügedən kollektiv 38-ci tur çərçivəsində doğma meydanda “Menemenspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Namik bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib. Ələskərovla yanaşı, komandanın digər legionerləri və aparıcı futbolçuları da son oyunda iştirk etməyiblər.

Ötən gün digər azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin komandası “Keçiörengücü” də evdə “Ankaragücü” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı bu oyunda meydan sahibləri 1:2 hesablı məğlubiyyətə üzülüb. Vüsalın adı matçın iştirak ərizəsinə daxil edilməyib.

Beləliklə, “Bursaspor” 38 oyuna topladığı 44 xalla 19 kollektiv arasında 17-ci olub və TFF 1-ci liqanı tərk edib. Bu komanda ilə yanaşı, “Kocaelispor” (44 xal), “Menemenspor” (38 xal) və “Balıkəsirspor” (12 xal) da aşağı liqaya düşüb. “Keçiörengücü” isə mövsümü 48 xalla 12-ci pillədə başa vurub.

Ələskərov geridə qalan mövsümdə Bursa təmsilçisinin heyətində TFF 1-ci liqada meydana çıxdığı 32 oyunda 6 qolla yadda qalıb. İsgəndərli isə 23 oyuna 4 qol vurub.

Sonda onu da qeyd edək ki, mövsümün son oyunlarında iştirak etməyən Vüsal İsgəndərli “Keçiörengücü” ilə vidalaşıb. O, artıq yeni mövsüm üçün həm Türkiyədə, həm də Azərbaycanda özünə yeni klub axtarmağa başlayıb. Elə komandası aşağı liqaya düşən Namik Ələskərov da hazırda “Bursaspor”la müqaviləsinə xitam vermək üçün çalışır. O da yeni mövsümdə karyerasını fərqli komandada davam etdirəcək.