İtaliyanın "Roma" klubunun və Mərakeş millisinin yarımmüdafiəçisi Neil El Aynauinin atası maraqlı açıqlama ilə diqqət çəkib. Sport24.az xəbər verir ki, vaxtilə dünya reytinqində 13-cü pilləyə qədər yüksəlmiş keçmiş peşəkar tennisçi Yunes El Aynaui oğlunun uşaqlıqdan Kataloniya klubuna azarkeşlik etdiyini bildirib:
"Oğlum 11 yaşına qədər Barselonada yaşayıb. O, həmişə bu komandanı dəstəkləyib. Əgər "Barselona"da oynasa, dünyanın ən xoşbəxt insanı olar".
Yarımmüdafiəçi özü də daha əvvəl Kataloniya klubuna simpatiyasını gizlətməyib. O, uşaqlıq illərində kumirinin Andres İnyesta olduğunu və məhz onun oyununa heyranlığın sayəsində tennisdən futbola keçdiyini söyləyib.
Qeyd edək ki, El Aynaui 2025-ci ildə Fransanın "Lans" klubundan "Roma"ya transfer olunub. Mərakeşli futbolçu 2026-cı il dünya çempionatı zamanı yığmanın əsas fiqurlarından biri hesab edilir.