Seneqal və Özbəkistan milli futbol komandalarının oyunçuları və məşqçiləri ABŞ təhlükəsizlik xidmətləri tərəfindən ciddi yoxlamadan keçiblər. Sport24.az xəbər verir ki, bu barədə internetdə videolar yayılıb.

 

Seneqal millisi dünya çempionatında iştirak etmək üçün ölkəyə gəldikdən dərhal sonra yoxlanılıb. Sosial mediada oyunçuların uçuş-enmə zolağının yaxınlığında, baqajlarının yanında dayandıqlarını göstərən video yayımlanıb - komandanın terminal binasına daxil olmasına icazə verilməyib. Təhlükəsizlik işçiləri idmançıların əşyalarını və baqajlarını axtarıblar. Bir videoda bir futbolçu metal detektor vasitəsilə yoxlanılarkən qollarını açıb dayanır.

 

Özbəkistan millisi də Nyu-Yorkda Niderland ilə yoldaşlıq oyunundan əvvəl oxşar prosedurdan keçib. Oyunçular avtobusdan düşərkən metal detektorlar və iyləyici itlərlə çöldə axtarış aparılıb.

 

Qeyd edək ki, Seneqal DÇ-2026-nın qrup mərhələsində Fransa, Norveç və İraqla, Özbəkistan isə Kolumbiya, Portuqaliya və Konqo Demokratik Respublikası ilə qarşılaşacaq.