"RB Leypsiq"in yarımmüdafiəçisi Kristof Baumqartner qarşıdan gələn dünya çempionatından kənarda qalacaq. Sport24.az "Bild" nəşrinə istinadən xəbər verir ki, Avstriya millisinin futbolçusu Tunislə yoldaşlıq oyunundan (1-0) əvvəl isinmə hərəkətləri zamanı sağ budundakı əzələsindən zədələnib.

 

Sonrakı müayinələr zamanı müəyyənləşib ki, Baumqartner mundialı buraxmaq məcburiyyətindədir.

 

Baumqartner millinin baş məşqçisi Ralf Ranqnikin ən çox güvəndiyi futbolçulardan biri idi. Yarımmüdafiəçi Avstriya yığmasında 58 oyun keçirib və 19 qol vurub.

 

Qeyd edək ki, Avstriya DÇ-2026-da Argentina, İordaniya və Əlcəzairlə birgə J qrupunda mübarizə aparacaq.