"Çelsi" "Yuventus"un hücumçusu Duşan Vlahoviçi transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" qəzeti məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, ingilis klubu oyunçunun atası, eyni zamanda onun agenti olan Miloş Vlahoviçlə danışıqlar aparır. "Çelsi"dən əlavə, "Bavariya", "Barselona" və "Nyukasl"ın da 26 yaşlı serbiyalının xidmətində maraqlı olduğu bildirilir.

 

Daha əvvəl "Yuventus"un Futbol Strategiyası üzrə direktoru Corco Kyellini klubun Vlahoviçin iyunun sonuna qədər olan müqaviləsini yeniləməyəcəyini təsdiqləmişdi.

 

Qeyd edək ki, Vlahoviç "Yuventus"a 2022-ci ildə "Fiorentina"dan keçib. 2025/26 mövsümündə hücumçu Turin klubunda 23 oyunda 10 qol vurub və iki məhsuldar ötürmə edib.