Futbol üzrə Belçika millisinin baş məşqçisi Roberto Martines istefa verib.

Sport24.az xəbər verir ki, bu barədə 49 yaşlı mütəxəssis Qətərdə keçirilən dünya çempionatında Xorvatiya ilə qolsuz heç-heçə etdikləri oyundan sonrakı mətbuat konfransında açıqlama verib.

O, yığmadakı vəzifəsindən ayrıldığını açıqlayıb. Buna komandanın mundialdakı uğursuz çıxışı səbəb olub. Belçika millisi 4 xalla qrupu 3-cü pillədə başa vurub və mundialla vidalaşıb.

Belçika millisi 24 il sonra ilk dəfə dünya çempionatlarında qrup mərhələsini keçə bilməyib. Bu komandanın yer aldığı F qrupundan Mərakeş lider, Xorvatiya isə 2-ci yerin sahibi kimi 1/8 finala adlayıb. Belçika 3-cü yeri tutub və qrupda qalıb.

Belçika yığması sonuncu dəfə 1998-ci ildə Fransada keçirilən dünya çempionatında qrupdan çıxmamışdı. Komandanın tarixdəki ən yaxşı nəticəsi 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının bürünc medal qazanmasıdır.

Martines 2016-cı ildən "qırmızı şeytanlar"a rəhbərlik edirdi.