İtaliyanın “Torino” klubu heyətini yeni futbolçularla gücləndirib.

Sport24.az xəbər verir ki, Turin təmsilçisi rusiyalı Aleksey Mirançukla xorvatiyalı Nikola Vlaşiçi heyətinə qatıb.

Bu barədə “Torino”nun rəsmi saytı məlumat yayıb. Hücumameylli yarımmüdafiəçi olan hər iki futbolçu satınalma şərti ilə cari mövsümün sonuna kimi icarəyə götürülüb. Vlaşiç İngiltərənin “Vest Hem” klubundan gəlibsə, Mirançuk “Atalanta”dan transfer olunub.

Nikola Vlaşiç 2021-ci ilin avqustundan “Vest Hem”də çıxış edirdi. O, geridə qalan mövsümdə bu komandanın heyətində 31 oyuna 1 qol vurub. Yarımmüdafiəçi daha öncə “Hayduk” (Split), “Everton” və ÇSKA (Moskva) komandalarının da uğurları üçün çalışıb. 24 yaşlı futbolçu Xorvatiya yığmasında 39 oyuna çıxıb, 7 qol vurub.

Aleksey Mirançuk isə 2020-ci ilin avqustundan “Atalanta”da forma geyinirdi. O, bu komandada keçirdiyi 2 mövsüm ərzində 56 oyuna çıxıb, 9 qol vurub. Daha öncə yetirməsi olduğu Moskva “Lokomotiv”ində oynamış yarımmüdafiəçi, Rusiya yığmasında da 41 oyuna 6 qola imza atıb.

Yeri gəlmişkən, “Atalanta” Mirançukdan əlavə daha 3 futbolçusunu icarəyə göndərib. Qvineyadan olan 18 yaşlı hücumçu Mustafa Sisse “Piza”ya, 19 yaşlı italyan yarımmüdafiəçi Andrea Oliveri “Frozinone”yə, Niderlanddan olan 25 yaşlı hücumçu Sam Lammers isə “Empoli”yə icarəyə verilib. Hər üç oyunçu 2022/23 mövsümünün sonuna kimi icarədə oynayacaq. “Piza”nın Mustafa Sisse ilə müqaviləsində satınalma şərti də var.