İtaliyalı məşqçi Antonio Konte "Fənərbaxça"nın yeni baş məşqçisi ola bilər. Sport24.az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, "sarı kanaryalar"ın prezidenti postuna namizədlərdən biri olan Hakan Safi 56 yaşlı mütəxəssislə artıq danışıqlar aparıb və qarşıdan gələn seçkilərdə qalib gələcəyi təqdirdə onu klubda əsas fiqur etmək niyyətindədir.
Kontenin son işi bu ilin mayında ayrıldığı "Napoli" olub. Onun rəhbərliyi altında "azzurri" A Seriyasını və İtaliya Super Kubokunu qazanıb.
Qeyd edək ki, "Fənərbaxça" başa çatan mövsümdə Türkiyə Super Liqasında ikinci yeri tutub və bu yay gələn Çempionlar Liqasının seçmə mərhələsinə qatılacaq.