"Milan"ın baş məşqçisi Massimiliano Alleqri İtaliya A Seriyasının növbəti turunda "Yuventus"la qeydə alınan qolsuz bərabərliyi (0:0) şərh edib. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis matçın gedişatından və komandasının hədəflərindən danışıb.

 

Oyunun gərgin keçdiyini bildirən baş məşqçi, xal itkisinə baxmayaraq hədəfə yaxınlaşdıqlarını vurğulayıb:

 

"Balanslı bir oyun oldu və nəticə ədalətlidir. Hədəfimizə daha da yaxınlaşmışıq. Daha əvvəl Çempionlar Liqası üçün yeddi xaldan danışırdıqsa, indi cəmi altı xalımız qalır. Mövsüm boyunca ümumi performans daha önəmlidir".

 

Baş məşqçi komandadakı kadr problemlərinə və futbolçuların fərdi çıxışına da toxunub:

"Leao yaxşı təsir bağışladı və bir neçə dəfə hücumda fəallığı ilə seçildi. Ondan hər matçda eyni sabitliyi gözləmək çətindir. Pulişiçə gəlincə, o, emosional futbolçudur, bəlkə də qol vura bilməməyin təzyiqini üzərində hiss edir. Nominal mərkəz hücumçusu olmadan oynamaq riskli olsa da, əminəm ki, Kristian növbəti matçlarda komandaya fayda verəcək".