Hokkey tarixinə damğa vurmuş Dominik Qaşek rusiyalı və belaruslu idmançılar əleyhinə açıqlamalar verməkdə davam edir. Spirt24.az xəbər verir ki, Olimpiya çempionu və ''Stenli kuboku''nun ikiqat qalibi Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən etibarən tez-tez bu ölkənin, eləcə də onun idmançılarının əleyhinə danışır.

Bu dəfə Qaşek belaruslu tennisçi Arina Sabalenkonun ukraynalı jurnalistin sualına cavab verməkdən imtina etməsinə münasibət bildirib. Sabalenko 2020-də Aleksandr Lukaşenko üçün dəstək məktubuna imza atmışdı. Jurnalist ondan bu hərəkətinin səbəbini, eləcə də Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı konkret mövqeyini soruşmuşdu.

Qaşeki dinləyək: ''Nəhayət ki, istədiyim sualı görə bildim. Jurnalistlər üçün həyat oyundan vacibdisə, bu cür suallar Sabalenko, Oveçkin və digər rusiyalı, belaruslu idmançılara hər oyundan sonra verilməlidi! MHL, WTA və ATP-dən qorxmayın. Onlar sadəcə sizi qorxutmağa çalışır''.