2004-cü ildən bu yana ilk dəfə ''Rolan Qarros'' torpaq kortun kralı ispaniyalı Rafael Nadalsız keçir. Sport24.az xəbər verir ki, tennis tarixinin gəlmiş-getmiş ən güclü oyunçusu zədə üzündən bu ilki turniri buraxmaq məcburiyyətindədi.

''Böyük Dbilqə''lərin 22 qat qalibi dünən onu uzun müddətdi narahat edən ombasından əməliyyat olunub. İspaniya mətbuatının yazdığına görə əməliyyat uğurlu keçib. İlin əvvəlində baş tutan ''Australia Open''də iştirak edən və daha sonra zədəsini sağaltmaqla məşğul olan Nadal bu il bir daha korta çıxmaya bilər. Belə ki, ən yaxşı proqnozlara görə onun müalicəsi ən azı 5 ay davam edəcək.

Bu gün 37 yaşı tamam olan Nadal əməliyyatdan sonra ilk dəfə açıqlama verərək bunları deyib: ''Dünən sol ayağımın omba sümüyündən əməliyyat olundum. Bu ağrılar üzündən yanvardan bu yana yarışlarda iştirak edə bilmirdim. Həkimlər sol ayağımdakı köhnə zədənin nədən yarandığını da müəyyənləşdirdilər. Həkimlərə dərin təşəkkürümü bildirirəm. Mənə deyilənlərə inansaq, 5 ay oynaya bilməyəcəm. Dəstəyiniz üçün hər birinizə minnətdaram. Ad günümü istədiyim yerdə qeyd etməsəm də, buna da şükür''.