"Bütövlükdə idman sahəsi Azərbaycanda sürətlə inkişaf edibdir və bu gün dünya miqyasında Azərbaycan idman ölkəsi kimi tanınır. Beynəlxalq yarışlarda idmançılarımız yüksək nəticələr göstərirlər. Düzdür, Azərbaycan ictimaiyyəti bizim idman sahəsindəki qələbələrə öyrəşib və əgər biz hansısa nəticəni əldə edə bilmiriksə, əlbəttə ki, məyus olur". Sport24.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

"Ancaq hamımız bilməliyik ki, idman sahəsində rəqabət kifayət qədər güclüdür və bütövlükdə son illər ərzində idman sahəsində göstərilən nəticələr, əlbəttə, qürurvericidir. İdmançılarımız Dünya, Avropa oyunlarında, digər beynəlxalq yarışlarda bizi sevindirirlər. Son Yay Olimpiya Oyunlarında Rio Olimpiya Oyunları ilə müqayisədə az medal qazansaq da, yenə də hesab edirəm ki, idmançılarımız yaxşı nəticə göstəriblər. Medalların sayına görə Azərbaycan 33-cü yeri, Avropa ölkələri arasında 20-ci, müsəlman ölkələri arasında isə 4-cü yeri tutub. Düzdür, idmançılarımız bu dəfə qızıl medal qazana bilmədilər, amma ona çox yaxın idilər. Amma yenə də deyirəm, idmanda məğlubiyyətlər də olur, qələbələr də olur. Bütövlükdə idman sahəsində əldə edilmiş nəticələr çox müsbətdir. Paralimpiyaçılarımız bizi çox sevindirib və böyük məharət, peşəkarlıq, fədakarlıq göstərərək çoxlu medallar, o cümlədən bir çox qızıl medallar qazanıblar. Əlbəttə ki, bu da çox önəmli hadisədir və biz haqlı olaraq paralimpiyaçılarımızla fəxr edirik", - Prezident vurğulayıb.

"Tokio Olimpiya Oyunlarında gənc idmançılar medallar qazana bilmədilər, bu, çox ciddi təftiş edilməlidir. Klublardakı vəziyyətlə bağlı təhlil aparılmalıdır. Yəni, biz nəticə çıxarmalıyıq. Biz, əlbəttə, qələbələrlə fəxr edə bilərik. Ancaq çatışmazlıqlar da var və onlar aradan qaldırılmalıdır. Bu sahədə şəffaflıq tam təmin edilməlidir və bütün xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılmalıdır. İdman sahəsində buraxılan nöqsanlar ciddi araşdırılmalıdır, ciddi təhlil aparılmalıdır. Xüsusilə Olimpiya Oyunlarına hazırlıq dövründə bəzi federasiyalarda işlər qeyri-qənaətbəxş olmuşdur və bütün federasiyalarda mövcud olan vəziyyət ciddi təhlil edilməlidir. Deməli, məşq prosesinə, təlim-məşq toplanışlarına xüsusi diqqət verilməlidir. 

Onu da nəzərə almalıyıq ki, son Olimpiya Oyunlarında medallar qazanmış idmançılarımız bizim təcrübəli idmançılardır. Demək olar ki, veteran idmançılardır. Onların arasında gənc nəslin nümayəndələri yoxdur və bu, çox ciddi təhlil edilməlidir. Necə ola bilər ki, nəsillər arasında artıq belə bir ara, elə bil ki, məsafə yaranır. Son illərdə bütün bölgələrdə idman obyektlərinin tikintisi geniş vüsət almışdır, təkcə bölgələrdə 50-yə yaxın idman-olimpiya kompleksimiz fəaliyyət göstərir. Onların fəaliyyəti ciddi təftiş edilməlidir, orada məşq prosesi nə səviyyədədir, uşaqlar, yeniyetmələr idman bölmələrinə gəlirmi, gəlmirmi, idmanla məşğul olmaq üçün şərait nə dərəcədədir? Çünki biz, bu infrastrukturu, bu kompleksləri o məqsədlə yaratmışıq ki, həm idmanın kütləviliyi artsın, eyni zamanda, peşəkar idmançılar yetişsin" - dövlət başçısı bildirib.