SSRİ milli komandasının sabiq hücumçusu və “Şöhrət Zalı”nın üzvü Aleksandr Yakuşev məşhur kanadalı hokkeyçi Bobbi Hallın dünyasını dəyişməsi ilə bağlı Rusiya mətbuatına danışıb. Sport24.az xəbər verir ki, veteran hokkeyçi Bobbinin ailəsinə və yaxınlarına başsağlığı verərək, onun oyun üslubu haqda da fikirlərini bölüşüb: "Hall oyun baxımından bizim Sovet hokkeyinə çox uyğun idi. Çünki yüksək sürətə malik idi. Kombinasiyalı və eyni zamanda məhsuldar oynayırdı. Bobbi həm də komanda yoldaşlarını düşünürdü. Ötürmələr edirdi və çoxlu qollar vururdu. Bobbi təkcə Kanada deyil, bütün hokkey dünyası üçün böyük oyunçu idi”.