Atletika üzrə Brilyant Liqası seriyasına apreldə start veriləcək. Sport24.az xəbər verir ki, əvvəlki illərdə olduğu kimi, yarış çərçivəsində 14 turnir keçiriləcək.

 

Ən güclü atletlər avqustun 27-28-də Sürixdə təşkil ediləcək Brilyant Liqası finalında mübarizə aparmaq hüququ qazanacaqlar.

 

İlk turnir aprelin 26-da Çinin Siamen şəhərində keçiriləcək. İlin ikinci mərhələsinə də Çin ev sahibliyi edəcək. O, mayın 3-də Şanxayda olacaq.

 

Daha sonra seriya Qətərin Doha və Mərakeşin Rabat şəhərlərində, nəhayət, iyunun 6-da bu il ilk dəfə Avropada - Romada keçiriləcək

 

Oslo (Norveç), Stokholm (İsveç) və Parisdə (Fransa) yarışlarından sonra seriya iyulda Yucin (ABŞ), Monte Karlo (Monako) və Londonda (İngiltərə) olacaq.

 

Brilyant Liqası avqustda finiş xəttinə çatacaq - Sileziya (Polşa), Lozanna (İsveçrə) və Brüsseldəki (Belçika) turnirlərinin ardınca final 2022-ci ildən sonra ilk dəfə Sürixə qayıdacaq.