Qış idman növləri üzrə mövsüm başa çatmaq üzrədir. Sport24.azxəbər verir ki, artıq biatlon yarışlarına yekun vurulub. Norveçin Holmenkollen şəhərində keçirilən 9-cu mərhələnin son günündə azarkeşlər kişilər və qadınlar arasında mass-start yarışının şahidi olub.

Kişilərin mübarizəsində norveçli 5 qat Olimpiya çempionu Yohannes Bö uğur qazanıb. Dünya çempionatlarının 17 qat qalibi atışlarda 2 dəfə yanlışlığa yol verməsinə baxmayaraq 15 km məsafəni 38 dəqiqə 51 saniyəyə qət edərək bu mövsüm 19-cu dəfə fəxri kürsünün üst pilləsinə qalxıb. Bu isə Dünya Kuboklarının rekordudur. Ondan 26,2 saniyə geridə qalan isveçrəli Niklas Hartveq 2-ci, norveçli Vetle Şosta Kristansen 3-cü olub. Qaınların mübarizəsində isə Hanna Eberq 1-ci yeri tutub. İsveçli biatlonçu 12,5 km məsafəni 36 dəqiqə 33 saniyəyə geridə qoyub. Karyerasında sonuncu yarışı keçirən norveçli Marte Röyseland ikinci, fransalı Anais Şevalye-Buşe 3-cü olub.

Xizək idmanı üzdə Dünya Kubokunda isə sadəcə 13-cü mərhələyə yekun vurulub. Qarışıq estafet yarışında İsveç millisi 45 dəqiqə 11 saniyəlik nəticə ilə yerli azarkeşləri sevindirib. Norveç yığması fəxri kürsünün 2-ci, Almaniya komandası isə 3-cü pilləsinə yüksəlib.

Yeri gəlmişkən, Dünya Kubokuna martın 26-da yekun vurulacaq. Buna qədər Estoniyanın paytaxtı Tallində və Finlandiyanın Laxti şəhərində mərhələ yarışları keçiriləcək.