Azərbaycan üzgüçüləri lisenziya xarakterli beynəlxalq turnirə qatılacaqlar.

Sport24.az xəbər verir ki, onlar 29 aprel-1 may tarixlərində Çexiyanın Ostrava şəhərində üzgüçülük növü üzrə keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər. 

Bu yarış həm Budapeştdə, həm də 2023-cü ildə Fukaukada keçiriləcək dünya çempionatına lisenziya xarakterli bir yarışdır. Turnirdə ölkəmizlə yanaşı, İsveçrə, Ukrayna, Ruminya, Polşa, Macarıstan, Xorvatiya, Çexiya və Gürcüstan idmançıları güclərini sınayacaqlar.

Azərbaycan yığma komandasını yeni tərtib olunmuş normativ cədvəlinə uyğun normativləri yerinə yetirən Ramil Vəlizadə, Məryəm Şeyxəlizadəxangah, Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov təmsil edəcək.

Üzgüçülük üzrə yığmanın baş məşqçisi Rəşad Əbdürrəhmanovun sözlərinə görə, komanda yarışa əzmlə hazırlaşıb:

“Bu yarış komandamızın dünya çümpionatına lisenziya qazanması baxımından çox önəmlidir. Ümid edirik ki, üzgüçülərimiz bu yarışda öz göstəricilərini daha da yaxşılaşdıraraq, finala vəsiqə qazananlar sırasında olacaqlar. Turnirdə çox güclü idmançılar iştirak edəcəklər. Çalışırıq ki, Azərbaycan üzgüçüləri ən yaxşı nəticələr göstərənlər sırasında olsunlar”.