Türkiyənin Antalya şəhərində keçirilən kikboksinq üzrə Avropa çempionatında tarix yazılıb.

Sport24.az Azərbaycan Kikboksinq Federasiyasına istinadən xəbər verir ki, ötən ay İtaliyada keçirilmiş gənclər arasında dünya çempionu olmuş Elvin Məmmədov (54 kq) "Low kick" versiyasında böyüklər arasında Avropanın da ən güclüsü olub.

O, 16 yaşında böyüklər arasında Avropa çempionu olan ilk idmançımız kimi tarixə düşüb.

Ötən il dünya çempionu olmuş Anar Məmmədov (57 kq) isə finalda Boban Nikoliçə (Serbiya) uduzaraq gümüş medalla kifayətlənib. Hər iki idmançı Əməkdar məşqçi, tanınmış kikboksçumuz Eduard Məmmədovun tələbələridir.

Avropa çempionatının son günündə “Low kick” versiyasında Nihad Tağızadə (51 kq), Amin Quliyev (60 kq), “Full contact”da Amil Məmmədov (51 kq), Məhəmməd İmanov (57 kq) və K1-də Elvin Qasımov (51 kq) final görüşləri keçirəcəklər.