Azərbaycan Autizm Assosiasiyası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunacaq II Autizm Festivalı çərçivəsində idman yarışlarını davam etdirir. Sport24.az xəbər verir ki, bu dəfə diqqətlər AFFA-nın təşkilatçılığı ilə keçirilən futbol turnirinə yönəlib.

İncəsənət nümayəndələrinin, tanınmış idmançıların, idman jurnalistlərinin və autizm təlimçilərinin qatıldığı yarış Bakı Olimpiya Stadionunda təşkil olunub. Finalda "Autizm" komandası ilə "İdman jurnalistləri" üz-üzə gəlib. Yekunda 3:0 hesabı ilə autizmli təlimçilər qalib gəlib.

Autizm festivalı çərçivəsində Azərbaycan Autizm Assosiasiyası bocce, stolüstü tennis, velosiped, atletika yarışları təşkil olunub.

Aprelin 28-i isə Bakıda - Fəvvarələr meydanında Gənclər və İdman Nazirliyinin dəstəyi ilə II Autizm Festivalı təşkil olunacaq. Festival çərçivəsində təşkil olunan tədbirlərin məqsədi autizm barədə cəmiyyəti məlumatlandırmaq, autizmin xəstəlik yox, fərqlilik olduğu mesajını insanlara ötürməkdir.

Autizmin fərqindəyik, onların yanındayıq.