Bakıda keçirilən atıcılıq üzrə Dünya Kuboku davam edir. Sport24.az xəbər verir ki, bu gün kişilər və qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma növündə final yarışları keçirilib.

 

Qızıl medalı çinli Yu Xie qazanıb. Ötən il Bakıda keçirilən mundialda dünya çempionu adını qazanan asiyalı atlet həlledici mərhələdə Almaniyadan olan Robin Valteri üstələyib. Bürünc medal da çindən olan atıcıya nəsib olub. 3 qat dünya çempionu Boven Zhang bu dəfə "bürünc"lə kifayətlənib.

 

Eyni növdə qadınların mübarizəsində fransalı Kamille Yedrjeyesvki sürpriz nəticəyə imza atıb. 22 yaşlı atıcı Çin və Koreyadan olan güclü rəqiblərini üstələyərək qızıl medala yiyələnib. Koreyalı Yeji Kim gümüş, Çindən olan Ranxin Jianq bürünc medalla kifayətlənib.