Futzal üzrə UEFA Çempionlar Liqasının 2022/23 mövsümünün reqlamenti açıqlanıb.

Sport24.az xəbər verir ki, yeni mövsümün ilkin və əsas mərhələsinin püşkü iyulun 7-də atılacaq, yekunda isə qalib yenə “Dördlər finalı” ilə müəyyənləşəcək.

Ümumiyyətlə, yarış ilkin, əsas, elit və “Dördlər finalı” mərhələlərindən ibarət olacaq, mini-turnir şəklində keçiriləcək. 

UEFA-nın milli komandalar üçün açıqlanan reytin cədvəlində üst sıralarda yer alan Portuqaliya, İspaniya, Qazaxıstan və Xorvatiyanın hər biri 2, qalan ölkələr bir komanda ilə təmsil olunacaq. Xorvatiya üçün bu şansın yaranmasına reytinq cədvəlinin 2-ci pilləsində yer alan Rusiya millisinin və klublarının UEFA bayrağı altında 2022/23 mövsümündə təşkil olunacaq yarışlardan kənarlaşdırılması səbəb olub.

Son qalib “Barselona” və klub reytinqində 1-dən 11-dək, eləcə də 16-dan 19-dək olan pillələrdə yer alan komandalar A yolunda çıxış edəcək. Bu 16 komanda hər birində 4 iştirakçı olmaqla 4 qrupa bölünəcək. İlk 3 pilləni tutan klublar elit-raunda yüksələcək. Qalan klubların bir qismi, eləcə də ilkin mərhələdən vəsiqə qazanacaq komandalar B yolunda gücünü sınayacaq. Burada da 16 klub hər birində 4 iştirakçı olmaqla 4 qrupa səpələnəcək. Yekunda cəmi 4 – hər qrupdan bir komanda elit raundda oynamaq hüququna sahib çıxacaq. Elit raundda 16 komanda iştirak edəcək. Onlar da yenidən hər birində 4 iştirakçı olmaqla 4 qrupa bölünəcək. Yalnız qrup qalibləri “Dördlər finalı”na vəsiqə qazanacaq.

Püşkatma və oyun tarixləri:

İlkin və əsas mərhələnin püşkatması: 7 iyul
İlkin mərhələ: 23-28 avqust
Əsas mərhələ 25-30 oktyabr

Elit raundun püşkatması: 8 noyabr
Elit raund 22-27 noyabr
Final mərhələsi: aprel/may