“2017-ci ildə Avropa çempionu titulu aldığıma çox sevinirdim, lakin bu qələbə mənim üçün daha dəyərlidir, çünki sabit inkişafımın sübutudur”.

Sport24.az xəbər verir ki, bunu ikiqat Avropa çempionu Hidayət Heydərov Avropa Cüdo Birliyinin (EJU) son məqaləsi üçün verdiyi müsahibəsində bildirib.

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatınıda 73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət bütün rəqiblərini geridə qoyaraq final mərhələsində italiyalı rəqibi Covanni Esposito ilə üzləşib. O, rəqibinə “golden score”da “vaza-ari” ilə qalib gələrək, ikiqat Avropa çempionu olub.

Heydərov qələbəsini belə şərh edb: “81 kq-dan sonra -73 kq çəki ilə yarışlara qayıtdığım üçün çox şadam, bu çəki dərəcəsində özümə daha çox hakim olduğumu hiss edirəm və turnirdə yenidən iştirak etdiyim üçün çox xoşbəxtəm”.

Çempionun sözlərinə görə, karyerasının çox maraqlı tarixi var. O artıq yeniyetmələr, gənclər və böyüklər arasında titula sahibdir.

Eyni zamanda, məqalədə bildirilir ki, cüdo sahəsində olan bir çoxları Rüstəm Orucov və Hidayət Heydərov arasında olan əzəli rəqabətdən məlumatlıdır, lakin Hidayətin qalibiyyətindən sonra iki cüdoçu bu qələbəni qardaş kimi bayram ediblər.

Eyni çəki dərəcəsində yarışan Orucov təsəlliverici mərhələdə rumıniyalı Alexandru Raykunu geridə qoyaraq bürünc medal görüşünə vəsiqə qazanıb. Daha sonra rumıniyalı idmançı Adrian Sulkanı məğlub edərək millimizi aktivinə bürünc medal qazandırıb. Qeyd edək ki, Rüstəm  artıq Avropa Çempionatında 5-ci dəfə mükafatçı olub. Onun artıq qitə çempionatından 1 qızıl, 1 gümüş və 3 bürünc medalı var.

İdmançıları müşahidə edən baş məşqçi Riçard Tarutman yarışlar zamanı həyəcanlı və eyni zamanda gərgin görsənirdi. Məşqçi Avropa Cüdo Birliyinə verdiyi müsahibədə bildirib ki, cüdo Azərbaycanda olimpiya medalı gözlənilən 3 əsas idman növlərindən biridir. “Təzyiqi hiss etsə də, bu, Heydərov üçün yaxşı çağırışdı”, – Trautman deyib.

Beləliklə, 40 ölkədən 363 idmançının qatıldığı turnirin ikinci günündə Azərbaycanın kişilərdən ibarət milli yığma komandası ikinci yerdə qərarlaşıb.