Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən yeniyetmə cüdoçular arasında dünya çempionatında bu gün komanda yarışları baş tutub.

Sport24.az xəbər verir ki, komanda yarışında Azərbaycan 8 idmançı ilə təmsil olunub.

Qızlar arasında Aydan Vəliyeva (48 kq), Fidan Əlizadə (63 kq) və Nigar Süleymanova (63 kq) mübarizə aparıb. Oğlanların mübarizəsində isə Nizami İmranov, Şahin Oruczadə (hər ikisi -60 kq), Camal Bağışov, Əli Hacızadə (hər ikisi -81 kq) və Ramazan Əhmədov (+81) güclərini sınayıb. 

Azərbaycan yığması ilk qarşılaşmasında meydan sahibi Bosniya və Herseqovina idmançıları ilə mübarizə aparıb. Bu rəqibini 4:1 hesabı ilə məğlub edən yığmamız 1/4 finalda da Kanada yığmasını 4:2 hesabı ilə yenib. Yarımfinalda Ukranya millisini 4:3 hesabı ilə məğlub edən cüdoçularımız finala çıxıblar. Fransa ilə həlledici görüşdə komandamız 5 cüdoçu ilə mübarizə aparmaq məcburiyyətində qalıb. Buna Fidan Əlizadənin yarımfinal görüşündə zədələnməsi səbəb olub. Qarşılaşma isə 3:3 hesabı ilə başa çatdığından, qalib püşkatma yolu ilə müəyyənləşib. Yekunda Fransa yığması qalib elan olunduğundan millimiz gümüş medalla kifayətlənib.