23-26 iyun aralığında Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında Avropa çempionatı keçiriləcək.

Sport24.az xəbər verir ki, dünyanın 40 ölkəsindən 428 idmançının qatılacağı yarışda Azərbaycan 14 idmançı ilə təmsil olunacaq.

Yeniyetmə oğlanlar və qızlardan ibarət Azərbaycan yığmaları Bakı şəhərində keçirilən təlim-məşq toplanışlarını başa vurublar.

Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli, Federasiyanın İcraiyyə Komitəsinin üzvü, Olimpiya çempionu Nazim Hüseynov, prezidentin müşaviri Natiq Bağırov, baş katib Rəşad Rəsullu, performans direktor Mark van der Ham milli yığmaların təlim-məşq toplanışlarını ziyarət edərək onların hazırlıqları ilə maraqlanıblar, yeniyetmə cüdoçularımıza yarışda müvəffəqiyyətlər arzu ediblər. Eyni zamanda, Olimpiya çempionlarımız idmançılarımızla öz uğur hekayələrini bölüşüblər və müvafiq tövsiyə və məsləhətlərini veriblər.

Yeniyetmə oğlanlardan və qızlardan ibarət milli komandalar Avropa çempionatına hazırlıq məqsədilə ilin əvvəlindən etibarən 4 beynəlxalq yarışda iştirak ediblər. Həmçinin, onların hazırlığı məqsədilə 5 təlim-məşq toplanışı təşkil edilib.

Avropa çempionatında iştirak üçün sabah Xorvatiyaya yola düşəcək yeniyetmələrdən ibarət milli komandalar 23-25 iyunda fərdi yarışlarda, 26 iyunda isə komanda yarışında iştirak edəcəklər.