“Avropa çempionatında ilk döyüşüm gürcü idmançıya qarşı oldu. Yaxşı boksçu olsa da, onu 5:0 hesabı ilə məğlub etdim. 1/8 finalda da xorvatiyalı rəqibimi rahatlıqla mübarizədən kənarlaşdırdım”.

Sport24.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının rəsmi saytına Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatında fəxri kürsünün üçüncü pilləsinə yüksələn Nəbi İsgəndərov (67 kq) deyib.

O bildirib ki, bu dəfə bürünc medal qazansa da, növbəti yarışlarda mükafatın əyarını yüksəltməyə çalışacaq: “1/4 finalda fransızla üz-üzə gəldim. Hakim də bir az məni sıxırdı. Buna baxmayaraq, fransızı üçüncü raundda nokaut elədim. Yarımfinalda Danimarka idmançısı ilə döyüşdüm. Ən güclü rəqibim o idi. Döyüşü istədiyim kimi keçirə bilmədim və 3-cü yeri tutdum. Buna baxmayaraq, hər bir rəqibə qalib gəlmək olar. Qarşıdakı yarışlara daha yaxşı hazırlaşıb, qızıl medal qazanacağıma inanıram”.

Qeyd edək ki, Avropa çempionatında milli üzvlərindən Nicat Hüseynov (51 kq) qızıl, Ruslan Qədirov (54 kq) gümüş, Cəlal Qurbanov (63,5 kq) və Nəbi İsgəndərov (67 kq) bürünc medal qazanıb.