Rusiya və Belarus təmsilçilərinin iştirakına icazə verilməsinə görə boks üzrə dünya çempionatını boykot edən 20 ölkə kişilər arasında alternativ turnir təşkil etmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə Yeni Zelandiya Boks Assosiasiyasının rəhbəri Stiv Hartli məlumat verib.

Onun sözlərinə görə yarış Niderlandda keçirilə bilər: “Dünya çempionatını boykot etməyə qərar verən ölkələrin boks federasiyalarının rəhbərliyi ilə Zoom proqramı vasitəsilə görüş keçirdim. Onlar qərarlarında qətidirlər. Heç birimiz İBA-nın təşkil edəcəyi mundialda iştirak etməyəcəyik. Əvəzində alternativ turnir keçirməyə qərar verdik. Mundialın əvəzində Niderlanddakı turnirdə boksçularımız mübarizə aparacaq”.

Xatırladaq ki, qadınlar arasında dünya çempionatı martın 15-dən 25-dək Nyu-Dehlidə, kişilər arasında mundial 1-14 may tarixində Daşkənddə təşkil olunacaq.