Azərbaycan Boks Federasiyasının (ABF) Məşqçilər Komitəsinin ilk iclası keçirilib.

Sport24.az xəbər verir ki, yığıncaqda ABF-in İdarə Heyətinin üzvü Rövşən Hüseynov yeni formalaşan komitənin sədri Vaqif Kazımov və onun müavini Əsgər Eyvazovu təqdim edib.

Ardınca Məşqçilər Komitəsinin üzvləri təsdiqlənib. Bildirilib ki, burada şəxsi tələbələri Yay Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında mükafat qazanan məşqçi-müəllimlər yer alıblar. Bölgələrdə fəaliyyət göstərən və yetirmələri Azərbaycan çempionatlarında fəxri kürsüyə yüksələn mütəxəssislərin müstəsna hal kimi üzvlüyə qəbul ediləcəyi də qeyd olunub.

İclasda müxtəlif yaş qrupları üzrə yarışlarda boksçuların iştirakı, seçimlərin düzgün aparılması, regionlarda işlərinin qurulması və kütləviliyə nail olunmaq yolları müzakirə edilib. Qərara alınıb ki, tezliklə ölkənin müxtəlif bölgələrində Məşqçilər Komitəsinin nümayəndəlikləri fəaliyyətə başlayacaq.

Həmçinin məşqçilərin milli komandalarla işbirliyi barədə fikir mübadiləsi aparılıb, mütəxəssislərin beynəlxalq sertifikasiyaya hazırlığı barədə danışılıb.