Azərbaycan boksçusu Alfonso Dominqes Belarusun paytaxtı Minskdə təşkil olunan 2-ci Avropa Oyunlarında çempion tituluna yiyələnib. Sport24.az xəbər verir ki, yığma üzvü final döyüşünündə də rəqibinə şans verməyib.  

Həlledici qarşılaşma 81 kq çəki dərəcəsində çıxış edən təmsilçimizin “Ureçye Arena”da beşinci qarşılaşması olub. Bunadək ukraynalı Stefan Hrekulu 3:0, belaruslu Mixail Dauhalyavetsi 5:0, belçikalı Ziad El Mohoru 5:0, yarımfinalda isə italiyalı Simone Fiorini 4:1 hesabı ilə məğlub edən boksçumuz böyük britaniyalı Bencamin Vittakerlə görüşüb. Boksçumuz 3:2 hesabı ilə qələbə qazanıb. Bununla da idmançımız Avropa çempionatı statusunu da daşıyan yarışın çempionu adına yiyələnib.

Bu, Azərbaycan boks millisinin Avropa Oyunlarında ikinci medalı olub. Dominqesə qədər Lorenzo Sotomayor yarışların bürünc mükafatını əldə edib. 69 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz yarımfinalda uduzaraq üçüncü olub.