Türkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyi davam edir.

Sport24.az xəbər verir ki, 28 ölkədən 378 idmançının qatıldığı yarışın beşinci günündə Azərbaycan yığmasının daha 2 idmançısı çıxışını qələbə ilə başa vurub.

Bağır Əlimxanlı (46 kq) 1/8 final mərhələsi çərçivəsində Oskaras Pliauqa (Litva) ilə üz-üzə gəlib. O, 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanaraq növbəti mərhələyə yüksəlib. Əlimxanlı 1/4 finalda ukraynalı Starik İllya ilə qüvvəsini sınayacaq.

Əli Məmişov (70 kq) isə Orestas Staponkus (Litva) üzərində qələbədən sonra Niko Qoreta (Xorvatiya) ilə qarşılaşıb. Boksçumuz gərgin keçən döyüşü 4:1 (29:28, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə aktivinə yazıb. Bu qələbə Məmişovu yarımfinala yüksəltməklə yanaşı, ən azı özü üçün bürünc medal qazanacağını da rəsmiləşdirib. O, finala vəsiqə uğrunda yunanıstanlı Nikalaos Bliatze ilə münasibətinə aydınlıq gətirəcək.

Onlardan fərqli, Raul Əsədullayev (50 kq) və Əmir Abasov (80 kq) yarışla vidalaşıb.

Qeyd edək ki, daha öncə Banuçiçək Nəsirli (44 kq) də Avropa birinciliyinin yarımfinalında iştirak hüququ qazanıb.