"Zirə" Azərbaycan Kubokunun finalında bu gün qalib gələrsə, iki ilkə birdən imza atacaq. Sport24.az xəbər verir ki, Rəşad Sadıqovlu "qartallar"ın qələbəsi həm tarixində "Qarabağ" üzərində ilk qalibiyyət, həm də ilk titul  qazanması demək olacaq. Bunadək Premer Liqamızda debüt mövsümündə gümüş, son mövsümdə bürünc medalçı olan qəsəbə təmsilçisi Kubokun finalında ilk dəfə çıxış edəcək. 

Məlumdu ki, "Zirə" 2015/16-dan yüksək liqa təmsilçisidi və bu 7 mövsümdə Ağdam klubuyla 27 dəfə görüşüb. Bunlardan 18-də "Qarabağ"ın qələbəsi, 9-da bərabərlik qeydə alınıb. "Zirə" vurduğu 12 qolun qarşılığında qapısında 55 top görüb. Komandalar Kubokda ilk dəfə görüşəcək.

"Qarabağ" isə həsrəti bitirmək istəyindədi. Belə ki, Qurban Qurbanovun komandası son dəfə "qızıl dubl"a 5 il əvvəl - 2016/17 mövsümündə imza atıb. Ağdam klubu 4 mövsümdə həm çempion, həm də Kubok sahibi olub ki, bunun son 3-ü Qurbanovun dönəmində əldə olunub. 

Onu da bildirək ki, "Zirə" bu gün meydana çıxacağı Qəbələdə cari mövsümdə hələ ki qalib gəlməyib. Belə ki, "Qəbələ"ylə görüşlər heç-heçə - 1:1 və 0:0 yekunlaşıb. "Qarabağ"ın isə bu mövsümdə Qəbələdə həm çempionat, həm də Kubok matçı olub və hər ikisində qələbə sevinci yaşayıb.