"Ümid edirəm ki, mükəmməl oyun görəcəyik. Hər iki komandanın qol vurmaq üçün şansı olacaq". Bu sözləri Sport24.az-a açıqlamasında "Zirə"nin futbolçusu Tiaqo Silva deyib.
Portuqaliyalı qolkiper "Benfika" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Çempionlar Liqasına layiq matç olmasını istəyirəm. Hazırda dünya futbolunda hər şey mümkündür. Ancaq qarşılaşma Portuqaliyada olduğu üçün meydan sahiblərinin qələbə qazanmaq şansının daha çox olduğunu düşünürəm. "Qarabağ"ın yaxşı əks hücumları var. Sürətli oynasalar, yaxşı nəticə əldə edə bilərlər".
"Benfika"nın yetirməsi olan oyunçu "sabiq komandanıza azarkeşlik edəcəksinizmi" sualını bu cür cavablandırıb:
"Benfikada anadan olmuşam. Orada böyümüşəm. Bu, mənim üçün xüsusi klubdur. Çıxış etdiyim bütün komandaları izləyirəm: "Benfika", "Vitoriya Qimaraynş", "Aveş"in matçıarına baxıram. "Qarabağ"la bağlılığım yoxdur. Hazırkı klubum isə "Zirə"dir. Keçmiş komandalarıma sevgim olsa da, bu anda yalnız "Zirə"ni dəstəkləyirəm"
Qeyd edək ki, bu gün keçiriləcək "Benfika" - "Qarabağ" oyunu saat 23:00-da start götürəcək.