Dünən baş tutan "Qarabağ" – "Neftçi" matçı ilə XI - "Zəfər turu" başa çatdı. Suraxanıda keçirilən oyun həm də birinci dövrənin son qarşılaşması idi.

Bayrama bayram qatan ab-hava

Öncə oyunun təşkilini, Peşəkar Futbol Liqasının (PFL) bu yöndə görüdüyü işləri, fanatların "Azersun Arena"da yaratdığı mükəmməl atmoferi xüsusi qeyd etmək lazımdır. PFL komandası növbəti dəfə peşəkarlığını ortaya qoydu. Matçın 42-ci dəqiqəsində "Xudayar təsnifi"nin səsləndirilməsi, şəhid analarının stadiona dəvət olunması, fanatların bir-birinə qarşılıqlı şəkildə səsləndirdiyi vətənpərvər
şüarlar... Bir sözlə, hər şey əla idi... Həm "Qarabağ"ın, həm də "Neftçi"nin mətbuat xidmətlərinin də işini qeyd etmək lazımdır.

... Və mövsümün ilk derbisi
Matç gözlənildiyi kimi qarşılıqlı hücumlarla başladı. Sanki futbolçular da dolu tribunalardan ilhama gəlmişdi. "Qarabağ"ın ilk dəqiqələrdən təşəbbüsü ələ alacağı gözlənilirdi ki, belədə oldu. Həftəiçi ağdamlılar "Çelsi" ilə ağır oyundan çıxdığına görə, Qurban Qurbanov heyətdə rotasiya aparsa da, bu, komandanın oyununa təsir etməmişdi. "Qarabağ" saat mexanizmi kimi dəqiq işləyirdi. "Neftçi"yə gəlincə, ilk növbədə "ağ-qaralar"ın hücum xəttinin yeni lideri Vensan Abubakarın derbidə necə təsir bağışlayacağı maraq doğururdu. Təəssüf ki, kamerunlu forvard Azərbaycan derbisində ümidləri doğrultmadı. Hücumçunun hələ tam formada olmadığı açıq-aydın göründü. Bəlkə də "Qəbələ", MOİK, "Kəpəz"lə oyunlarda Abubakar təcrübəsi hesabına nəsə edə bilər, ancaq Çempionlar Liqasında adından söz etdirən "Qarabağ"la matçda bu keçərli deyil.
90 dəqiqənin tamamında sevinən tərəf meydan sahibləri oldu. Görüş Qurbanovun komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşsa da, Samir Abasovun yetirmələrinin də asan təslim olduğunu söyləmək olmaz. "Ağ-qaralar" sonadək mübarizə apardı, meydan sahiblərinə həyacanlı dəqiqələr yaşada bildi. Ancaq o da göründü ki, paytaxt klubu hələ tam formalaşmayıb. Xətlərarası əlaqə, hücumların təşkili, müdafiədə etibarlı oyun üzrəində bir qədər də işləmək lazımdır.

Mübahisəli penalti
Mövsümün ilk derbisi FİFA referisi Elçin Məsiyevə tapşırılmışdı. Məsiyevin işinin öhdəsindən gəldiyini deməsək, günah olar. Yalnız bir epizod, penalti qərarı "Neftçi" tərəfindən narazılıqla qarşılandı ki, bu məsələdə kimin haqlı olduğunu mütəxəssislər qərar verə bilər. Ancaq bir məsələ var ki, oyunun statusundan asılı olmayaraq, cərimə meydançasının daxilində kobudluq və ya təmas varsa "nöqtə" göstərilməlidir. "Bu cür oyunlarda belə sadə penalti verilməməlidir" söhbəti, qərara belə yanaşma yolverilməzdir. Ya penalti olur, ya da olmur. Futbolda qəbul olunmuş qaydalar var ki, bununla istəsən də, istəməsən də razılaşmalısan. Bəli, bəzi oyunlarda "Neftçi" hakim səhvləri ilə üzləşib, ancaq buna görə Məsiyevin səhv etdiyini iddia etmək özü səhvdi.

Bütün hallarda, "Azərbaycan derbisi" alındı və ölkə daxilində bu cür futbol ab-havasının tez-tez baş tutacağı təqdirdə çempionata maraq da günü-gündən artacaq.