Premyer Liqanın XXXI turu çərçivəsində baş tutan "Kəpəz" - "Sabah" qarşılaşmasından sonra "bayquşlar"ın qolkiperi Yusif İmanov Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb.


- Həm özünün, həm də komandanın bugünkü oyunla ilə bağlı fikirlərini bilmək istərdik...
- Təbii ki, "çərçivə"də yer almaq, əsas heyətdə meydana çıxmaq xoşdu.
Bu gün "Kəpəz"lə gərgin məcrada keçən matçımız oldu. Şükürlər olsun ki, hakimin final fitindən sonra sevinən tərəf biz olduq. Komandamın qələbəsində pay sahibi olduğum üçün də sevinirəm.


- Necə düşünürsən, "Kəpəz"in fərqləndiyi epizodda topu çıxarmaq olardı?
- Rəqib künc zərbəsindən sonra qapımıza yol tapdı. Açığı, bir qədər çətin götürüləsi top idi.


- Hazırda "Sabah"ın qapı xəttində ciddi rəqabət var və məşqçilər korpusu daha çox Nicat Mehbalıyevə güvənir. Özünü bu rəqabətə hazır sayırsan?  
- Rəqabət futbolun əsas özəlliyidi. Rəqabət olan yerdə inkişaf da var. Təbii ki, rəqabətə hazıram. Amma bu gün əsas kimin qapını qoruması yox, komandamızın uğurudu. Odur ki, kimin "çərçivə" də yer almasından asılı olmayaraq, təki "Sabah"ın nəticələri yaxşı olsun.


- Sona 5 tur qamış avrokuboklara vəsiqə uğrunda ölüm-dirim mübarizəsi gedir. Səncə, komandan qarşıya qoyulan məqsədə çatıb qitəmiqyaslı turnirlərə yollana biləcək?
- Bunun üçün çox çalışırıq. Bu gün "Kəpəz" səfərindən qalib kimi qayıdırıq. Amma artıq bu oyunu unudub qarşıdakı matçlara köklənməliyik. Son 5 turda maksimum nəticə üçün çapışacağıq.


- Yığmanın son oyunlarına dəvət olunmamışdın. Qarşıda isə millini Millətlər Liqasının qrup oyunları gözləyir. Dəvət gözləyirsən?  
- Hər bir futbolçu millidə oynamaq istəyir. Bu məsələdə çox şey özümdən asılıdı. İnanıram ki, istədiyim formaya düşəndən sonra yenidən yığmaya dəvət alacam.


- Murad Musayev getdi, əvəzinə Krunoslav Renduliç gəldi. Xorvatiyalı mütəxəssis gəlişi ilə düşərgədə nələri dəyişib?
- Öncə onu deyim ki, Murad Musayev çox savadlı və yaxşı baş məşqçi idi. Rusiyalı mütəxəssi klubumuzun tarixində iz qoymağı bacardı. Bundan başqa Musayevin karyeramın inkişafında böyük xidməti var. Məhz o, ilk dəfə mənə "çərçivə"də şans verdi və komandanın "1 nömrə"si oldum, milliyə cəlb olundum. Bu səbəbdən Murad müəllimin əməyini heç vaxt yaddan çıxarmaram, hər zaman onu xoş xatirələrlə yada salacam. Yeni baş məşqçimiz də komandanın uğuru, "Sabah"ın yüksək yerlərdə olması üçün əlindən gələni edir. Yəni, hər iki mütəxəssis işində peşəkardı.

ABDULLA İSMAYILOĞLU